Biznesə Dəstək Prosesi 2016-12-22T17:00:43+00:00

Biznesə Dəstək Prosesi

AmCham Azərbaycan özəl sektorun inkişafını təşviq etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir. Beynəlxalq və yerli biznes icmasının Azərbaycandakı nümayəndələri kimi bizim Azərbaycanda biznes sahəsinin uğur qazanmasını görməkdə böyük marağımız vardır. Bu uğurun əsasını isə biznes müəssisələrinin inkişafına imkan verən biznes mühitinin olması təşkil edir. Sağlam və rəqabətli biznes mühiti təkcə müəssisələrin deyil, eyni zamanda Azərbaycanın bütün vətəndaşlarının da xeyrinədir, belə ki, belə bir mühitin olması yeni iş yerlərinin yaradılması və rifahın təmin olunmasına gətirib çıxarır.

Azərbaycanda biznes sahəsinin əsas tərəfdarı olaraq AmCham ölkənin biznes mühitinin təkmilləşdirilməsi istiqamətində hökumətin göstərdiyi təşəbbüsləri dəstəkləyir. Bizim üzvlərimiz Azərbaycan iqtisadiyyatının hər bir sahəsinə sərmayə qoymuşdur və Azərbaycanın yüksək rəqabət qabiliyyətinə malik, investisiya və biznes üçün cəlbedici ölkəyə çevrilməsi məqsədilə həllinə ehtiyac olan məsələlərin hökumətin diqqətinə çatdırılması üçün unikal mövqedə durur. AmCham-ın verdiyi töhfənin mühüm hissəsi onun 2005-ci il üzrə “Azərbaycanın Biznes Mühitinin Təkmilləşdirilməsinə dair Müşahidələr və Tövsiyələr”dən ibarət “Analitik Hesabat”ında öz əksini tapmışdır. Həmin hesabatda biz Azərbaycanda özəl sektorun, xüsusən də qeyri-neft-qaz sektorunun gələcək inkişafı qarşısında duran əsas maneələri müəyyən etmişik.

Komitəmizin 2005-ci ildə həyata keçirdiyi fəaliyyətlərin əsas hissəsi kimi Analitik Hesabat vergiqoyma, gömrük, bankçılıq, maliyyə və sığorta, əmək, turizm, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Azərbaycanın son on ildə əldə etdiyi uğurları vurğulamaqla biz həmçinin təkmilləşdirilməyə ehtiyacı olan sahələrə xüsusi diqqət çəkir və mümkün həll yollarını təklif edirik. Analitik Hesabatda biz Azərbaycan iqtisadiyyatının bütün sahələrinin qısa icmalını verir və hökumətin uğurlu strategiyası nəticəsində əldə edilən irəliləyişləri diqqətə çatdırırıq. Verdiyimiz bəzi şərhlər Azərbaycanın biznes mühitinin müəyyən aspektlərinə tənqidi yanaşma ifadə edirsə belə, biz biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməklə və bu sahədə öz dəstək təklifimizi irəli sürməklə Analitik Hesabatı mümkün qədər konstruktiv etməyə çalışmışıq. Analitik Hesabat əməkdaşlıq mühitində və biznes mühitini inkişaf etdirməklə yanaşı ölkənin rifahını yüksəltməklə bizim töhfəmizin Azərbaycanın inkişafı prosesini sürətləndirməyə kömək edəcəyi ümidilə hazırlanmışdır. Hazırladığımız Analitik Hesabatı 2005-ci ilin noyabr ayında Prezident İlham Əliyevə təqdim etmək bizim üçün fəxr idi. Analitik Hesabatda qaldırılmış məsələlər Azərbaycan Hökuməti ilə davamlı olaraq müzakirə edilir.

Biz 2006-cı ilin sonuna qədər ölkənin 15 əsas nazirliyi və dövlət orqanından yazılı rəylər əldə etmişik. 2005-ci ildə hazırladığımız Analitik Hesabatın azərbaycan və ingilis dillərində mövcud olan nüsxələri pulsuz əldə edilə bilər.