SİMA İmza ilə başqasının sənin ad ...
Üzv xəbərləri
SİMA İmza ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA İmza-nın təqdim etdiyi yeni biometrik imzalama funksionallığı ilə artıq imza sahibinin adından başqa bir şəxsin sənəd imzalamasının qarşısı alınacaq.
Belə ki, yeni funskionallığın tətbiqi ilə imzalama zamanı mobil telefonun ekranında PİN kod yığıldıqdan sonra təkrar təsdiqləmə üçün biometrik eyniləşdirmə aparılacaq. İmza edən şəxsin həqiqətən də imza sahibinin özü olub-olmadığı SİMA İmzanın xüsusi süni zəka və biometriya texnologiyası vasitəsilə dəqiqləşdiriləcək.
Bu zaman şəxsin üz cizgiləri vasitəsilə biometrik eyniliyi və canlılığı yoxlanılacaq. Eyniləşdirməsi uğurla başa çatan şəxslərin imza prosesi tamamlanmış olacaq. Bütün bu proses cəmi bir neçə saniyə ərzində baş tutacaq.
Nəzərə çatdıraq ki, bu yenilik əsasən, elektron imzalardan sui-istifadə hallarının qarşısının alınması məqsədilə tətbiq olunub. Belə ki, son vaxtlar hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı (əsasən maliyyə cinayətləri üzrə) kritik sənədlərin imzalanmasında saxtalaşdırma hallarına tez-tez rast gəlindiyi aşkarlanıb.
Bununla bağlı bir müddət öncə Dövlət Vergi Xidməti də rəsmi açıqlama yayaraq vətəndaşları məlumatlandırmışdı.
Açıqlamadan çıxarış:
“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatında olan bəzi cinayət işlərinin istintaqı zamanı vergiləri ödəməkdən yayındırılmış müəssisələrin direktorlarının, təsisçilərinin və ya fərdi sahibkarların həmin fəaliyyətlə əlaqəsinin olmadığı, onların adına açılmış elektron imzaların (əsasən, ASAN imza) digər şəxslərə verildiyi, sahibkarlıq fəaliyyəti ilə məhz həmin şəxslərin məşğul olduğu müəyyən edilib.
Vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlər və ya pul müqabilində məsuliyyətlərinin olmayacağı ilə aldadaraq, adlarına elektron imza (əksər hallarda ASAN imza) alaraq, həmin elektron imza vasitəsilə müəssisələr təsis edərək, qısa müddət ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirib, belə əməliyyatlara görə hesablanmış vergiləri ödəməkdən yayınıblar”.
Qeyd edək ki, bənzər situasiyalar elektron imza tətbiq olunan digər sahələrdə (dövlət xidmətləri, bank, sığorta, elektron gömrük və s.) də baş verə bilər. Bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə dövlət qurumları və özəl müəssisələrin SİMA İmzanın biometrik imzalama həllindən istifadə etməsi tövsiyə olunur. Belə ki, SİMA İmza ilə inteqrasiya edən tərəfdaşlar üztanıma vasitəsilə aparılan təsdiq sayəsində sui istifadə hallarını aradan qaldıracaq.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidməti və “AzInTelecom”un apardığı birgə əməkdaşlıq çərçivəsində SİMA İmza-nın e-taxes.gov.az portalına inteqrasiya prosesi yekunlaşmaq üzrədir.
Portalda SİMA İmza ilə giriş və imzalama xidməti istifadəyə verildikdən sonra qeyd edilən neqativ halların minimuma endirilməsi proqnozlaşdırılır.
SİMA İmza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin SİMA İmza-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Bu imkandan faydalanmaq üçün SİMA İmza tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA İmza ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Uyğun xəbərlər
“AzInTelecom” “AmCham”a üzv oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) İctimai Birliyinin üzvlüyünə qəbul edilib.“AzInTelecom” MMC-nin “AmCham”a üzvlüyü çərçivəsində işgüzar əlaqələrin yaradılması, problemlərin həllində mümkün dəstəyin əldə edilməsi, informasiya mübadiləsi, “AmCham”ın veb-səhifəsində məlumatların yerləşdirilməsi, konfranslar, seminarlar və toplantılar haqqında məlumat alınması məqsədilə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur.İlk mərhələdə iki qurum arasında əməkdaşlıq mühitinin yaxşılaşdırılması istiqamətində görüş keçirilib. “AzInTelecom” MMC-nin nümayəndələri “AmCham”a üzvlük çərçivəsində qurumun gələcək fəaliyyəti ilə bağlı təkliflər səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər arasında müqavilə imzalanıb.Qeyd edək ki, “AmCham” Azərbaycanda yerləşən xarici və yerli təşkilatların ikitərəfli iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və yeni imkanların araşdırılmasına dəstək olan qeyri-kommersiya qurumudur. 1996-cı ildə yaradılmış “AmCham”ın Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən 260-dan çox üzvü var. Qurum hər il Azərbaycanda müxtəlif konfranslar, ümumi yığıncaqlar, komitə iclasları və digər tədbirlər təşkil edir.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “AzInTelecom” MMC-nin geniş spektri əhatə edən xidmətləri var. Bura bulud həlləri, beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemləri daxildir. Çoxşaxəli xidmət şəbəkəsini və təqdim olunan xidmətlərin keyfiyyətini daim təkmilləşdirməyə çalışan “AzInTelecom” MMC bu məqsədlə iqtisadi sferada fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla mütəmadi görüşlər keçirir, əməkdaşlıq müzakirələri aparır.
Azərbaycanda 11 mindən çox IMEI ilə 600 minə yaxın şəbəkəyə qoşulma cəhdi olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.Bununla bağlı “AzInTelecom” MMC mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 11056 IMEI koda “klon” statusu verilib. Həmin IMEI kodlar son üç ayda 1 129 956 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 598 149 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.Bəzən dövlət rüsumunu ödəməmək üçün daha əvvəl qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətinin yeni telefonlara köçürülməsi halları baş verir. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə rastlaşır.Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.
Artıq “Azercell” abunəçiləri internet olmadan belə SİMA-dan istifadə edə biləcəklər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – yeni nəsil rəqəmsal imza istifadəçilər üçün maksimum əlçatanlığın təmin edilməsi istiqamətində daha bir addım atıb.Artıq “Azercell” abunəçiləri SİMA-nın xidmətlərindən mobil internet olmadan da istifadə edə biləcəklər. Bunun üçün sadəcə cihazda mobil data trafikini açıq saxlamaq kifayətdir. Belə ki, abunəçinin balansında hər hansı məbləğ və aktiv internet paketi olmadığı halda belə SİMA mobil tətbiqinə giriş, qeydiyyat, imzalama və digər əməliyyatların icrası mümkün olacaq.Bundan başqa, abunəçinin balansında aktiv internet paketi olarsa, yenə də SİMA mobil tətbiqinin xidmətlərindən istifadə zamanı internet balansından hər hansı çıxılma olmayacaq.Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.