“SİMA İmza” ilə “PAŞA Bank”ın sahibkar kreditini ofisdən çıxmadan əldə et!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir.

Belə ki, 2022-ci ildən “SİMA İmza”nın tərəfdaşı olan “PAŞA Bank” müştərilərinə təqdim etdiyi daha bir xidməti SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə rəqəmsallaşdırıb. Artıq müəssisə təsisçiləri biznes kreditlərinin onlayn rəsmiləşdirilməsi zamanı “zaminlik-təsisçi qərarı sənədi”ni “SİMA İmza” ilə məsafədən imzalaya bilərlər.

Bu günə qədər həmin kreditlərin rəsmiləşdirilməsi üçün təsisçi tərəfindən sənədlərin əl imzası və ya digər elektron imza ilə imzalanması tələb edilirdi. Təsisçi elektron imzası olmadığı halda sənədi əl ilə kağız daşıyıcıda imzalayaraq kuryerlə banka göndərməli olurdu. Kağız daşıyıcının banka çatdırılması isə 1-2 gün ərzində baş verdiyindən kreditin rəsmiləşdirilməsində gecikmələr yarana bilirdi. Digər elektron imzanı əldə etmək üçün isə təsisçi müəyyən bir satış məntəqəsinə getməli, sənəd toplamalı və ödəniş etməli olurdu. 

Artıq “SİMA İmza” vasitəsilə qeyd edilən proses tam rəqəmsallaşdırılıb. Bununla da sahibkarın sənədi kağız daşıyıcıda imzalayaraq banka göndərməsinə və ya elektron imza əldə etmək üçün hər hansı məntəqəyə getməsinə ehtiyac qalmayıb. Bundan sonra müştərilər “zaminlik-təsisçi qərarı sənədi”ni “SİMA İmza” ilə anında imzalamaqla banka getmədən kredit əldə edə bilərlər.

“SİMA İmza”nın vətəndaşlar üçün pulsuz olması və əlçatanlığı (heç yerə getmədən mobil telefona yükləmək və qeydiyyatdan keçmək kifayətdir) “PAŞA Bank” müştəriləri üçün əlavə üstünlük yaradır.

Xatırladaq ki, “PAŞA Bank” ilə həyata keçirilmiş əvvəlki inteqrasiyaya əsasən, bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını mobil tətbiq üzərindən göndərə, müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə imzalayaraq məsafədən kredit əldə edə bilirlər.

“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Tarix
28 Noyabr 2023
Uyğun xəbərlər
7 Avqust 2023

“AzInTelecom” “AmCham”a üzv oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) İctimai Birliyinin üzvlüyünə qəbul edilib.“AzInTelecom” MMC-nin “AmCham”a üzvlüyü çərçivəsində işgüzar əlaqələrin yaradılması, problemlərin həllində mümkün dəstəyin əldə edilməsi, informasiya mübadiləsi, “AmCham”ın veb-səhifəsində məlumatların yerləşdirilməsi, konfranslar, seminarlar və toplantılar haqqında məlumat alınması məqsədilə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur.İlk mərhələdə iki qurum arasında əməkdaşlıq mühitinin yaxşılaşdırılması istiqamətində görüş keçirilib. “AzInTelecom” MMC-nin nümayəndələri “AmCham”a üzvlük çərçivəsində qurumun gələcək fəaliyyəti ilə bağlı təkliflər səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər arasında müqavilə imzalanıb.Qeyd edək ki, “AmCham” Azərbaycanda yerləşən xarici və yerli təşkilatların ikitərəfli iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və yeni imkanların araşdırılmasına dəstək olan qeyri-kommersiya qurumudur. 1996-cı ildə yaradılmış “AmCham”ın Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən 260-dan çox üzvü var. Qurum hər il Azərbaycanda müxtəlif konfranslar, ümumi yığıncaqlar, komitə iclasları və digər tədbirlər təşkil edir.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “AzInTelecom” MMC-nin geniş spektri əhatə edən xidmətləri var. Bura bulud həlləri, beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemləri daxildir. Çoxşaxəli xidmət şəbəkəsini və təqdim olunan xidmətlərin keyfiyyətini daim təkmilləşdirməyə çalışan “AzInTelecom” MMC bu məqsədlə iqtisadi sferada fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla mütəmadi görüşlər keçirir, əməkdaşlıq müzakirələri aparır.

3 Avqust 2023

Azərbaycanda 11 mindən çox IMEI ilə 600 minə yaxın şəbəkəyə qoşulma cəhdi olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.Bununla bağlı “AzInTelecom” MMC mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 11056 IMEI koda “klon” statusu verilib. Həmin IMEI kodlar son üç ayda 1 129 956 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 598 149 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.Bəzən dövlət rüsumunu ödəməmək üçün daha əvvəl qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətinin yeni telefonlara köçürülməsi halları baş verir. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə rastlaşır.Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.

9 Avqust 2023

Artıq “Azercell” abunəçiləri internet olmadan belə SİMA-dan istifadə edə biləcəklər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – yeni nəsil rəqəmsal imza istifadəçilər üçün maksimum əlçatanlığın təmin edilməsi istiqamətində daha bir addım atıb.Artıq “Azercell” abunəçiləri SİMA-nın xidmətlərindən mobil internet olmadan da istifadə edə biləcəklər. Bunun üçün sadəcə cihazda mobil data trafikini açıq saxlamaq kifayətdir. Belə ki, abunəçinin balansında hər hansı məbləğ və aktiv internet paketi olmadığı halda belə SİMA mobil tətbiqinə giriş, qeydiyyat, imzalama və digər əməliyyatların icrası mümkün olacaq.Bundan başqa, abunəçinin balansında aktiv internet paketi olarsa, yenə də SİMA mobil tətbiqinin xidmətlərindən istifadə zamanı internet balansından hər hansı çıxılma olmayacaq.Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.